Ağdaşda bu il kənd təsərrüfatı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib
İyulun 24-də Ağdaş rayon İcra Hakimiyyətində kənd təsərrüfatı, o cümlədən taxılçılıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib.
Müşavirədə Rayon İcra Hakimiyyəti, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, bank sektorunun təmsilçiləri, Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayon fermerləri iştirak edib.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə ölkə rəhbərliyinin kənd təsərrüfatının inkişafına göstərdiyi xüsusi diqqət və qayğı göstərdiyini, bu sektorun inkişafı üçün dövlət tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb. O, 2025-ci ilin ötən dövründə Ağdaş rayonunda kənd təsərrüfatı sahəsində görülmüş işlər, taxıl biçini zamanı əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
Daha sonra müşavirədə çıxış edənlər rayonda kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi tədbirləri, subsidiyalar və fermerlərə göstərilən xidmətlər barədə ətraflı məlumat veriblər. Taxıl biçini zamanı göstərilən texniki xidmətlər, istifadə olunan kənd təsərrüfatı texnikaları və bu sahədə mövcud yeniliklərdən bəhs olunub.
Həmçinin rayonda suvarma ilə bağlı mövcud vəziyyət, meliorasiya tədbirləri və su təminatında görülən işlər barədə məlumat verilib.
Eyni zamanda rayon üzrə kənd təsərrüfatının siyahıyaalınmasının gedişi barədə və 2025-ci ildə kənd təsərrüfatı sektorunda əldə edilmiş statistik göstəricilər, məhsuldarlıq və əkin sahələrinin artımı barədə müşavirə iştirakçıları məlumatlandırılıb.







