Ağdaşda “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda toplantı keçirilib.
29 aprel 2023-cü il tarixində Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” ilə bağlı təqvim planında nəzərdə tutulan tədbirlər çərçivəsində “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda toplantı keçirilib.
Habil Əliyev adına 1 nömrəli şəhər uşaq musiqi məktəbində keçirilən toplantıda rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin sektor müdiri, politoloq İlyas Hüseynov, ictimaiyyətin və mədəniyyət müəssisələrinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə açaraq, iştirakçıları salamlayıb.
Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda bildirilib ki, ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin zamana sığmayan siyasi və dövlətçilik fəaliyyətinin əsas qayəsini dövlətə, cəmiyyətə və millətin maraqlarına xidmət, xalqın rifah halının yaxşılaşması, milli qürur, azadlıq və müstəqillik kimi nəcib arzularının reallığa çevrilməsi yolunda böyük hədəflərin dəf olunması təşkil edirdi. Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi tərəqqinin, siyasi sabitliyin, ictimai şüurun son 35 ildən artıq bir dövrü əhatə edən mərhələsində özünü dünya siyasətinin görkəmli xadimlərindən biri kimi tanıdan Heydər Əliyevin adı tariximizə əbədi olaraq həkk olunmuşdur.
Qeyd olunub ki, xalqımızın ümummilli lideri Heydər Əliyev yaşadığı zaman və məkan daxilində doğma Azərbaycanın tərəqqisi və qüdrətlənməsi naminə çox işlər görmüşdür. Onun həyatının əsas qayəsini Azərbaycanın dövlət müstəqilliyini əbədiyyətə çevirmək təşkil edirdi. O, bu şərəfli vəzifənin öhdəsindən layiqincə gələ bildi. Ulu öndərin bizlərə miras qoyub getdiyi müstəqil Azərbaycan onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda inamla gələcəyə doğru irəliləyir.