Ağdaşda Azərbaycan Polisi Günü qeyd olunub
Ağdaşda Azərbaycan Polisi Günü qeyd olunub
2 iyul 2026-cı il tarixində Ağdaş rayonunda Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Əlişah Rəcəbov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Polis şöbəsinin əməkdaşları, veteran polis işçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azərbaycan polisinin keçdiyi inkişaf yolu və hüquq-mühafizə orqanlarının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Çıxışlarda Azərbaycan polisinin 108 illik inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin hüquq-mühafizə orqanlarının formalaşdırılması və inkişafındakı müstəsna xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanlarında həyata keçirilən islahatlardan, polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazanın müasirləşdirilməsi və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs olunub və Azərbaycanın dünyanın ən təhlükəsiz və sabit ölkələri sırasında yer almasında daxili işlər orqanlarının mühüm rolu vurğulanıb.
Xidməti fəaliyyətlərində fərqlənən bir qrup polis əməkdaşına Ağdaş Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Sonda Azərbaycan Respublikasının Daxili İşlər nazirinin peşə bayramı münasibətilə təbrik məktubu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.







