Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Aprel şəhidi Ömər Cəbrayılovun xatirəsi yad edilib

03 aprel 2026 | 12:13

Rəşadətli Azərbaycan Ordusunun şanlı tariximizə yazdığı parlaq qələbələrdən biri olan Aprel döyüşlərindən 10 il ötür.

3 aprel 2026-cı il tarixində rayonun Şəkili kəndində Aprel döyüşlərində qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan Ömər Məzahir oğlu Cəbrayılovun məzarı ziyarət olunub, məzarı önünə gül-çiçək dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Ziyarətdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi və hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri və məktəblilər iştirak ediblər.

Ziyarət zamanı xalqımızın qəhrəmanlıq salnaməsində mühüm yer tutan Aprel döyüşlərindən, eləcə də bu döyüşlərin igid iştirakçılarından biri olan həmyerlimiz şəhid Ömər Cəbrayılovun keçdiyi şərəfli döyüş yolundan bəhs olunub.

Qeyd edilib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun qüdrətini, döyüş ruhunu və qələbə əzmini bütün dünyaya nümayiş etdirmiş, işğal altında olan torpaqlarımızın azad olunacağına inamı daha da möhkəmləndirmişdir. Məhz bu döyüşlərdən başlanan şanlı yol 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərlə yekunlaşaraq tariximizin ən parlaq səhifələrindən birinə çevrilmiş, xalqımızın iftixar və qürur mənbəyi olmuşdur.

Qeyd edək ki, şəhid Ömər Cəbrayılov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər