Ağdaşda Aprel şəhidi Ömər Cəbrayılovun xatirəsi ehtiramla anılıb.
Rəşadətli Azərbaycan Ordusunun şanlı tariximizə yazdığı parlaq qələbələrdən biri olan Aprel döyüşlərindən 7 il ötür. 5 aprel 2023-cü il tarixdə rayonun Şəkili kəndində Aprel döyüşlərində qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan Ömər Məzahir oğlu Cəbrayılovun ailəsinə baş çəkilib, xatirəsi ehtiramla yad edilib. Anım mərasimində rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Nizami Heybətov və ictimaiyyətin nümayəndələri iştirak edib. Mərasimdə tariximizin şanlı səhifəsi olan Aprel döyüşləri və bu döyüşlərin qəhrəmanlarından biri olan həmyerlimiz şəhid Ömər Cəbrayılovun keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb. Qeyd olunub ki, Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Aprel döyüşlərindən başlanan və 44 günlük Vətən müharibəsi ilə tarixi qələbəyə çevrilən Zəfər salnaməsi tariximizin ən parlaq səhifəsinə, eyni zamanda Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıq hisslərini ifadə ediblər. Qeyd edək ki, şəhid Ömər Cəbrayılov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!