Ağdaşda Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
3 aprel 2026-cı il tarixində rayonun Heydər Əliyev Mərkəzində Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi, gənclər və qeyri-hökumət təşkilatlarının rəhbərləri, təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri, Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Ömər Cəbrayılovun ailə üzvləri, eləcə də Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçıları iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aynur Novruzova tədbiri giriş sözü ilə açaraq Aprel döyüşlərinin Azərbaycan xalqının qəhrəmanlıq tarixində xüsusi yer tutduğunu, bu döyüşlərin ordumuzun gücünü və xalqımızın sarsılmaz iradəsini bir daha nümayiş etdirdiyini qeyd edib.
Aprel döyüşlərində, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Aprel döyüşlərinin əhəmiyyəti, bu döyüşlərin Azərbaycanın hərbi qüdrətinin göstəricisi olduğu, eyni zamanda Vətən müharibəsinə gedən yolun başlanğıcı kimi tarixə düşdüyü vurğulanıb.
Bildirilib ki, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə xalqımızın milli birliyinin, dövlətimizin gücünün və Ali Baş Komandanın qətiyyətli siyasətinin məntiqi nəticəsidir.
Eyni zamanda, şəhidlərin əziz xatirəsinin daim uca tutulduğu, onların ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğının yüksək səviyyədə davam etdirildiyi qeyd olunub, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi xüsusi vurğulanıb.







