Ağdaşda akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd edilib
28 aprel 2026-cı il tarixində Ağdaş Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatı Sahib Alıyev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Əlişah Rəcəbov, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İntiqam İbrahimov, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və səhiyyə müəssisələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə akademik Zərifə Əliyevanın zəngin elmi irsini, oftalmologiya elminin inkişafına verdiyi töhfələri və çoxşaxəli ictimai fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Çıxışlarda akademik Zərifə Əliyevanın Azərbaycanın tibb elminin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli alim olduğu vurğulanmaqla, onun yüksək peşəkarlığı, humanizmi və vətənə sədaqəti xüsusi qeyd edilib.
Bildirilib ki, onun zəngin elmi fəaliyyəti və mənalı ömür yolu Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ənənələrinə sadiqliyin, milli-mənəvi dəyərlərə bağlılığın və xalqa xidmət prinsiplərinin parlaq təcəssümüdür.
Eyni zamanda, akademikin oftalmologiya sahəsində apardığı fundamental tədqiqatların bu gün də aktuallığını qoruduğu, səhiyyə sisteminin inkişafına və milli kadr potensialının formalaşmasına mühüm töhfələr verdiyi diqqətə çatdırılıb.
Sonda ictimai-siyasi fəaliyyəti ilə seçilən bir qrup partiya fəalına YAP Ağdaş rayon təşkilatının fəxri fərmanları, həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.







