Ağdaşda ağsaqqallarla görüş keçirilib
Dekabrın 11-də Ağdaş rayon İcra Hakimiyyətində rayon ağsaqqalları ilə görüş keçirilib. Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə ahıl insanlara hörmət və ehtiram göstərilməsinin xalqımızın milli-mənəvi dəyərlər sistemində mühüm yer tutduğunu bildirib.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən ahıl insanlara, onların sosial müdafiəsinə daim yüksək diqqət və qayğı göstərilib. Ulu Öndərin ahıl, ağsaqqal insanlara olan yüksək diqqət və qayğısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə həmin kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atılır.
Cəmiyyətdə daim yüksək hörmət və nüfuz sahibi olan ağsaqqalların gənc nəslin milli-mənəvi dəyərlər, vətənpərvərlik, adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsində mühüm xidmətlər göstərdikləri bildirilib.
Görüşdə rayon ağsaqqalları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi möhtəşəm tarixi Zəfərdən, işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərindən, ölkəmizin bütün sahələrdə davamlı inkişafından qurur və məmnunluqla söz açıblar.
Onlar ölkəmizin daim qələbələrə nail olmasını, dinamik tərəqqisini, habelə regionların ardıcıl inkişafını təmin etdiyinə, əhalinin sosial müdafiəsinə xüsusi diqqət və qayğı göstərdiyinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Ağdaş rayonunda da aparılan abadlıq-quruculuq işlərindən, sosial-iqtisadi, mədəni və digər sahələrdə həyata keçirilən tədbirlərdən bəhs olunub. Bu tədbirlər, həyata keçirilən infrastruktur layihələri ilə bağlı ağsaqqalların rəy və təklifləri dinlənilib. Həmin rəy və təkliflərin diqqətdə saxlanacağı qeyd edilib.