Ağdaşda 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd edilib.
7 mart 2023-cü il tarixində Habil Əliyev adına 1 nömrəli uşaq musiqi məktəbində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayonun yerli icra strukturları, bələdiyyə qurumları, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin ictimai təşkilat və birlikləri təmsil edən fəal qadınların bir qrupu iştirak edib. İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda videoçarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə qadınlara rayon rəhbərliyinin təbrik məktubunu səsləndirib. Natiq daha sonra çıxışında Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şəraitin yaradıldığı, gender məsələlərinin həllində əhəmiyyətli dönüşə nail olunduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlət quruculuğu proseslərində qadınların yaxından iştirakı, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı rolunun daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Ölkəmizdə bütün sahələrdə qazanılan uğurlarda qadınların, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın danılmaz xidmətlərinin olduğunu diqqətə çatdırıb. Rayonun ictimai-siyasi və sosial-mədəni həyatında fərqlənən qadınların bir qupuna fəxri fərmanlar təqdim olunub. Tədbir musiqi məktəbinin müəllim və şagird kollektivi tərəfindən müşayiət olunan bədii proqramla davam etdirilib.