Ağdaşda 28 May – Müstəqillik Günü qeyd olunub
Dəyirmi masa ətrafında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə və müsəlman aləmində ilk demokratik respublika kimi dövlətçilik tariximizdə mühüm yer tutduğunu, İstiqlal Bəyannaməsinin qəbulu ilə xalqımızın müstəqillik iradəsinin bütün dünyaya bəyan edildiyini vurğulayaraq, dövlət müstəqilliyimizin qorunub saxlanılmasının Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində təmin olunduğunu və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın suverenliyinin daha da gücləndiyini diqqətə çatdırıb.
Daha sonra Azərbaycanın müstəqillik yolunu və dövlətçilik tarixini əks etdirən videoçarx nümayiş etdirilib.
Məruzə və çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti, milli dövlətçilik ənənələrinin formalaşmasında oynadığı rol, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən uğurlu siyasətdən bəhs olunub.
Eyni zamanda milli-mənəvi dəyərlərin yaşadılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və dövlətçilik ənənələrinə bağlılığın gücləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.







