Ağdaşda 28 May Müstəqillik Günü qeyd olunub.
27 may 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində Müstəqillik Günü ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbirdə idarə, müəssisə, təşkilat, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları və fəal gənclər iştirak edib. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi 23 aylıq dövr ərzində keçdiyi yola nəzər salaraq onun müstəqillik tariximizdəki rolundan geniş söhbət açıb. Məruzə və çıxışlarda qeyd olunub ki, şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Qeyd olunub ki, 44 günlük Vətən Müharibəsində tarixi qələbə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yeni baxışın formalaşmasını tələb edir.