Ağdaşda 26 iyun-Silahlı Qüvvələr günü münasibətilə tədbir keçirilmişdir.
25 iyun 2023-cü il tarixdə rayon İcra Hakimiyyətində 26 iyun-Silahlı Qüvvələr günü münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova açmışdır. Əvvəlcə Milli Ordunun keçdiyi tarixi yola həsr edilmiş videoçarx nümayiş etdirilmişdir. Bildirilmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatına başlayan Milli Ordumuz 44 günlük Vətən Müharibəsində düşmən üzərində şanlı Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad edib. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatıb. Çıxışlarda vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.
Tədbirdə yeniyetmə və gənclər arasında vətənpərlik hisslərinin yüksəldilməsi istiqamətində aparılan işlərin daim diqqət mərkəzində saxlanılmasının vacibliyi qeyd edilmişdir.