Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

19 yanvar 2023 | 17:31

19 yanvar 2023-cü il tarixdə Heydər Əliyev Mərkəzində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə idarə, müəssisə, təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, gənclər iştirak edirdi.  Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin, 20 Yanvar və torpaqlarımızın bütövlüyü uğrunda şəhadət zirvəsinə ucalan igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə açaraq bildirdi ki, bu anım günləri ərəfəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində təşkil edilən silsilə tədbirlər, sərgilər, konfranslar bu qanlı terrorun əsl mahiyyətinin,  eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığının dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayır.  Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin informasiya cəbhəsində fəallığın artırılmasına göstərdiyi diqqət də bu məqsədə xidmət edir. Təkcə bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Müzəffər Ali Baş Komandanın 44 günlük Vətən müharibəsi dövründə 30-dan artıq xarici mətbuata müsahibəsi həmin dövrdə Azərbaycanın diplomatik qələbəsində öz sözünü dedi. Eyni zamanda, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik  etdiyi Heydər Əliyev Fondunun  xidmətləri əvəzsizdir. Tədbirdə 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda məruzə təqdim olunub. Məruzədə qeyd olunub ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Xalqımız tərəfindən qəhrəmanlıq salnaməsi kimi qəbul olunan 20 Yanvar şəhidlərinin dəfn olunması ilə əlaqədar Bakıda keçirilən izdihamlı matəm mitinqində bir milyondan çox insanın iştirak etməsi Azərbaycan xalqının müstəqillik uğrundakı birliyini və gücünü bütün dünyaya göstərdi. Faciənin baş verməsindən bir gün sonra ulu öndər Heydər Əliyevin ailə üzvləri ilə birgə dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və sovet rejiminin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, təsəlli olmaqla onun mübarizə əzmini yüksəltdi.  Məhz Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilib, bu faciəni törədənlər bəyan olunub, müvafiq cinayət işi qaldırılıb. Tədbirdə çıxış edən digər natiqlər Prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə dair son Fərmanına əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manata çatdırıldığını qeyd etməklə, şəhid ailələrinə dövlət qayğısının artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini mühüm amil kimi dəyərləndirmişlər. Bildirilib ki, hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

 

 

Keçidlər