Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib

17 mart 2026 | 15:46

17 mart 2026-cı il tarixində Ağdaş rayonunda, Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda xalqımızın milli-mənəvi dəyərlərini, həmçinin xeyirxahlıq, birlik və həmrəylik kimi ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbiri təşkil olunub.

Bayram tədbirində Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Tədbirdə Dədə Qorqudun Novruz duası səsləndirilib, xalqımıza ruzi-bərəkət, sülh və əmin-amanlıq arzuları tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Daha sonra bayram tonqalı alovlandırılıb, Novruzun rəmzi personajları olan Kosa və Keçəl öz maraqlı çıxışları ilə bayram ovqatını daha da yüksəldiblər.

Bayram tədbiri çərçivəsində müxtəlif idman növləri üzrə maraqlı kompozisiyalar nümayiş etdirilib, milli mətbəx nümunələri, çoxəsrlik maddi-mədəni irsimizi və qədim adət-ənənələrimizi əks etdirən eksponatlar, rəsm sərgiləri, məktəblilərin əl işlərindən ibarət sərgilər, robot texnikası və STEAM layihələri, milli rəqslər, eləcə də idmançı və kəndirbazların çıxışları qonaqların böyük marağına səbəb olub.

Tədbir Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşlarının ifasında təqdim olunan rəngarəng konsert proqramı ilə davam etdirilib.

 

Keçidlər