Ağdaş rayonunda maarifləndirici tədbir keçirilib
Oktyabrın 2-də Nizami adına şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində məktəblilərin hüquqazidd davranışlarının qarşısının alınması istiqamətində fəaliyyətin gücləndirilməsi məqsədilə profilaktik tədbir keçirilib.
Rayon Polis şöbəsinin təşəbbüsü ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, hüquq-mühafizə orqanları, Ağdaş rayonu üzrə təhsil sektoru və rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin rəhbərləri, məktəb direktorları iştirak ediblər.
Qeyd olunub ki, müasir dövrdə yeniyetmələr arasında hüquqazidd davranışların, zərərli meyllərin və sosial risklərin qarşısının alınması dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biridir. Gənc nəslin sağlam həyat tərzinə yiyələnməsi, yüksək mənəvi dəyərlər əsasında formalaşması, milli vətəndaşlıq məsuliyyətinə sahib olması üçün məktəb, ailə və cəmiyyətin qarşılıqlı əməkdaşlığı zəruri şərtdir. Həyata keçirilən bu kimi maarifləndirici tədbirlər hüquqpozuntularının qarşısının alınmasına, yeniyetmələrin düzgün sosial-mənəvi istiqamətləndirilməsinə, eləcə də onların hüquq və vəzifələrə dair biliklərinin artırılmasına mühüm töhfə verir.







