Ağdaş rayonunda kənd təsərrüfatı sahəsinin inkişafı istiqamətində növbəti onlayn müzakirə təşkil olunub
14 may 2026-cı il tarixində Ağdaş rayonunda kənd təsərrüfatı sektorunun inkişafı məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirilməsi nəzərdə tutulan tədbirləri əhatə edən Tədbirlər Planı layihəsinin icra vəziyyətinə dair növbəti onlayn görüş keçirilib.Onlayn görüşdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, həmçinin aidiyyəti dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.Müzakirələr zamanı Ağdaş rayonu ərazisində aqroparkların və kənd təsərrüfatı məhsullarının tədarük məntəqələrinin yaradılması, suvarma imkanları məhdud olan torpaq sahələrinin su təminatının gücləndirilməsi, şoranlaşmış torpaqların yenidən əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə həyata keçirilən pilot layihələrin icra vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, rayon üçün xarakterik olan meyvə bağlarına birdəfəlik subsidiya dəstəyinin göstərilməsi və Ağdaşda ənənəvi təsərrüfat sahələrindən hesab edilən camışçılığın inkişaf perspektivləri də müzakirə olunub.







