Ağdaş rayonunda içməli su təchizatında su itkilərinin qarşısının alınması və innovativ sutəmizləmə texnologiyalarının tətbiqi ilə bağlı tədbir keçirilmişdir
Azərbaycan Respublikasının “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”sının həyata keçirilməsi üzrə Tədbirlər Planının 9.3.1.4 və 9.4.3.3-cü bəndlərinə uyğun olaraq Ağdaş Rayon İcra Hakimiyyətində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə tədbir keşirilmişdir.
Tədbirdə Ağdaş Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları, texniki mütəxəssislər, Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati ərazi dairələri üzrə nümayəndələri və digər məsul şəxslər iştirak etmişlər.
Tədbir zamanı içməli su təchizatı sistemlərinin mövcud vəziyyəti, infrastrukturun texniki durumu, su itkilərinin başvermə səbəbləri və onların qarşısının alınması yolları ətrafında geniş müzakirələr aparılmışdır. Su itkilərinin əsas səbəbləri kimi köhnəlmiş boru xətləri, qeyri-qanuni qoşulmalar və nəzarətsiz su istifadəsi halları qeyd edilmişdir.
Bu problemlərin aradan qaldırılması məqsədilə aidiyyəti qurumların nümayəndələrinə boru xətlərinin mərhələli şəkildə yenilənməsi, qeyri-qanuni su istifadəsinin qarşısının alınması üçün reydlərin təşkili, eləcə də maarifləndirmə tədbirlərinin gücləndirilməsi tövsiyə olunmuşdur.
Bununla yanaşı, tədbirdə suyun keyfiyyətinin yüksəldilməsi, ətraf mühitin qorunması və ictimai sağlamlığın təmin olunması məqsədilə innovativ sutəmizləmə və zərərsizləşdirmə texnologiyalarının tətbiqinin əhəmiyyəti vurğulanmışdır. Müasir texnologiyalar vasitəsilə suların ekoloji cəhətdən təhlükəsiz şəkildə təmizlənməsi və zərərsizləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.
Tədbirin sonunda hər iki istiqamət üzrə — həm su itkilərinin azaldılması, həm də innovativ texnologiyaların tətbiqi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi və ictimai maarifləndirmə işlərinin genişləndirilməsi qərara alınmışdır.







