Ağdaş rayonunda baytarlıq xidmətlərinin təşkili və əlaqələndirilməsi üzrə iclas keçirilib
Ağdaş rayonunda heyvan sağlamlığının qorunması, baytarlıq xidmətlərinin təşkili və bu sahədə fəaliyyətin daha səmərəli əlaqələndirilməsi məqsədilə iclas keçirilmişdir.
Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin məsul işçiləri iştirak etmişlər.
Görüş zamanı heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası və vaxtında qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, baytarlıq xidmətlərinin təşkili mexanizmləri, eləcə də bu sahədə fəaliyyət göstərən subyektlərlə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, kənd təsərrüfatı heyvanlarının sağlamlığının qorunması həm ərzaq təhlükəsizliyinin təmin olunmasında, həm də əhalinin rifahının yüksəldilməsində mühüm rol oynayır.
Eyni zamanda, baytarlıq sahəsində fəaliyyət göstərən qurumlarla yerli icra strukturları arasında koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanmış, qarşılıqlı fəaliyyətin daha operativ və effektiv təşkili üçün zəruri tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
İclasın sonunda müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması və baytarlıq xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti qeyd olunmuşdur.







