Ağdaş Rayon İcra Hakimiyyətində rayonun ağbirçək qadınları ilə görüş keçirilib
İyulun 30-da Ağdaş Rayon İcra Hakimiyyətində rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarında uzun müddət çalışmış, ictimai fəallığı ilə seçilən ağbirçək qadınlarla görüş keçirilib.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə Azərbaycan xalqının ailə institutunda qadınların, xüsusilə də ağbirçək anaların müstəsna rolunu vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən qalib ölkəmizin bütün sahələrdə tərəqqisi proseslərində Azərbaycan qadınlarının fəal iştirakını qeyd edib. Həmçinin ailə dəyərlərinin qorunmasında, milli-mənəvi irsin gələcək nəsillərə ötürülməsində, gənclərin vətənpərvər ruhda tərbiyəsində qadınların əvəzsiz xidmətləri diqqətə çatdırılıb.
Tədbir zamanı çıxış edən ağbirçək qadınlar göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildirib, rayonun ictimai-mədəni həyatında fəal iştiraklarını davam etdirməyə daim hazır olduqlarını vurğulayıblar. Onlar sosial rifah, səhiyyə, təhsil və digər sahələrlə bağlı rəy və təkliflərini də səsləndiriblər.
Orxan Hüseynzadə edilən rəy və təkliflərin diqqətlə araşdırılacağını və onların həlli istiqamətində zəruri tədbirlərin görüləcəyini bildirib. Rayon rəhbəri tədbir iştirakçılarına rayonun ictimai-mədəni həyatında dəyərli fəaliyyətlərinə görə təşəkkürünü və xoş arzularını ifadə edib.







