Ağdaş rayon İcra Hakimiyyətində müşavirə keçirilib.
Ağdaş rayon İcra Hakimiyyətində müşavirə keçirilib. Müşavirədə erkən nikahlar, onların fəsadları, qanunsuz tikililər, ev təsərrüfatlarının uçotunun aparılması vəziyyəti, vətəndaş müraciətlərinə baxılması və digər məsələlər müzakirə olunub. Bildirilib ki, erkən nikahlar və erkən ailə quran şəxslərin problemləri ailə quruluşuna, bütövlükdə isə cəmiyyət həyatının bütün sahələrinə zərərli təsir göstərən bir amilə çevrilmişdir. Erkən nikahların və erkən ailə qurmanın ən ciddi fəsadlarından biri də ailə quran qızların vaxtından əvvəl təhsildən yayındırılması heç kimə sirr deyildir. Cəmiyyətin, ailənin gözü qarşısında yeniyetmələrin təhsildən uzaqlaşdırılması prosesi artmaqda davam edir. Bu səbəbdən, yeniyetmə qızların təhsilini başa vurması, ixtisas və sənət sahibinə yiyələnməsi problemə çevrilir. Sonralar həmin yeniyetmələr depressiyaya düşür və intiharlar qaçılmaz olur. Qeyd olunub ki, erkən ailə qurmaqla bağlı problemlər rayonumuzda kütləvi hala çevrilməyib. Bununla belə, erkən nikahların fəsadlarının aradan qaldırılması üçün həyata keçirilən tədbirlər heç də qənaətləndirici deyildir. Erkən nikahlarla bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilməklə, bu sahədə qarşılıqlı fəaliyyətin canlandırılması tövsiyə olunub. Müşavirədə rayon ərazisində qanunsuz tikintilərlə bağlı real vəziyyət müzakirə predmetinə çevrilib. Qeyd olunub ki, yerlərdə aparılan tikinti işləri ilə bağlı verilən hesabatlar reallığı əks etdirmir. Tikintilərin aparılması ilə bağlı vətəndaşlara qanunvericiliyin tələblərinin çatdırılmasında ciddi nöqsanların olduğu diqqətə çatdırılıb. Xüsusilə, Ləki qəsəbəsi, Xosrov kəndi və digər inzibati yaşayış məntəqələrində nöqsanlar mövcuddur. Müşavirədə ərazi icra nümayəndəliklərinə ev təsərrüfatlarının uçotu işinin yekunlaşdırılması, yaşayış məntəqələrində qeydiyyatda olanların, o cümlədən xaricdə yaşayan şəxslər barədə məlumatların dəqiqləşdirilməsinin nəzarətdə saxlanılması bildirilib. Müşavirədə vətəndaş müraciətləri ilə əlaqədar rih.gov.az portalının işlək vəziyyətdə saxlanılması, vətəndaşlara müraciətlərini portal vasitəsilə etmələri barədə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.