Ağdaş Rayon İcra Hakimiyyətində iclas keçirilib
Yanvarın 14-də Ağdaş Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar rayonda görüləcək işlərə dair iclas keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə bildirib ki, xalqın tələbi ilə 1993-cü ilin iyununda yenidən Azərbaycanın rəhbərliyinə qayıdan Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi nəticəsində respublikamızın müqəddəratı tənəzzüldən tərəqqiyə doğru dəyişib, ölkəmizdə təhlükəli proseslərin qarşısı alınıb, ictimai siyasi sabitlik bərpa olunub. Müasir müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olunmasını təmin edən Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizin bütün sahələrdə tərəqqisinə, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə mühüm hüquqi baza kimi əsaslı təminat yaradan mükəmməl və mütərəqqi sənəddir.
Qeyd olunub ki, Azərbaycanın dinamik və hərtərəfli inkişafını təmin edən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük qısa bir dövr ərzində möhtəşəm tarixi Zəfər qazanaraq, beynəlxalq səviyyədə tanınan ərazilərimizi Ermənistanın 30 ilədək davam edən işğalından azad edib. 2023-cü il sentyabrın 19-da isə Azərbaycan Silahlı Qüvvələrinin lokal xarakterli antiterror tədbirləri nəticəsində daha bir möhtəşəm qələbə əldə olunaraq, ölkəmizin dövlət suverenliyi tam bərpa edilib. Beləliklə, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilərək azadlığına qovuşan bütün ərazilərimizdə bərqərar olunub.
Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının bu il 30, Vətən müharibəsində möhtəşəm tarixi Zəfərimizin əldə olunmasının isə 5 ili tamam olur. Bununla əlaqədar dövlətimizin başçısının Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib və bu il çərçivəsində Ağdaş rayonunda da bir sıra tədbirlər keçiriləcək.
İclasda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayonda həyata keçiriləcək tədbirlərə dair müzakirələr aparılıb.