Təhsil naziri Ağdaşda STEAM mərkəzinin açılışında iştirak edib.
11 mart 2022-ci il tarixdə Təhsil naziri Emin Əmrullayev Ağdaş rayonuna səfər edib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Səfər çərçivəsində Ağdaş şəhəri M.Şeyxzadə adına texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyada STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində iştirak edən Təhsil naziri mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olub.
Bildirilib ki, mərkəzin imkanlarından təkcə Ağdaş rayonu deyil, eyni zamanda, Yevlax, Bərdə, Ucar, Mingəçevir və Kürdəmirdən olan şagirdlər də faydalana bilərlər. Artıq bir neçə bölgədə bu cür STEAM mərkəzinin istifadəyə verildiyini qeyd edən Təhsil naziri bildirib ki, ölkə üzrə ümumilikdə 15 STEAM mərkəzinin tikilməsi nəzərdə tutulub. Layihənin məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və digər XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaqdır.