15 - İyun Milli Qurtuluş günü”münasibətilə keçirilən təntənəli yığıncaq üçün MƏRUZƏ Möhtərəm cənab Başçı Hörmətli tədbir iştirakçıları!
Azərbaycanın Dövlət quruluşunun əsasını qoyan 15 İyun “Milli Qurtuluş” günü milli ruhumuzun, milli mənəviyyatımızın intibahı günüdür. Tariximizə 21 il bundan əvvəl yazılmış “Qayıdış”ın bəhrəsi kimi daxil olan “Qurtuluş günü” Azərbaycanın dövlət bayramıdır! Azərbaycan xalqının bayramıdır! Bu bayram münasibətilə hamınızı ürəkdən təbrik edirik! Bayramınız mübarək olsun!
Hörmətli yığıncaq iştirakçıları!
Dünya tarixinə elmi-tərəqqi əsri kimi daxil olan XX yüzillikdə ikinci dəfə kommunist rejimindən çıxaraq dövlət müstəqilliyini əldə edən Azərbaycanda 90-cı illərin əvvəllərində cərəyan edən xaos və anarxiya AXC-Musavat hakimiyyətinin idarəetmə səriştəsizliyini üzə çıxardı və mövcud rejimə qarşı xalqın nifrətini qazandırdı. Ona görə də 1988-ci ildən 1993-cü ilədək olan dövr qarışıqlıq, hakimiyyətsizlik və anarxiya dövrü adlandırılır və yeni tariximizdə dövlət müstəqilliyinin ilk dövrü sayılan 1991-1993-cü illər “formal müstəqillik” mərhələsi hesab olunur.
Ölkə və xalq üçün təhlükəli sayılan belə şəraitdə dünyanın bir çox nüfuzlu dövlətləri davamlı və sabit inkişafı məhz liderlərinin arxasınca getməkdə görürlər.
Bu baxımdan Azərbaycanda milli müstəqil dövlətin mövcudluğu da ümummilli lider Heydər Əliyevin adı və çoxcəhətli fəaliyyəti ilə sıx şəkildə bağlıdır.
Bunu bütünlükdə 90-cı illərin əvvəllərində iqtidarda olan cəbhə hakimiyyəti də etiraf etməyə məcbur olmuşdu. Siyasi hakimiyyət böhranından vahiməyə düşmüş iqtidar nümayəndələrinin 1992-ci ilin oktyabrında Naxçıvanda dövlət çevrilişi edərək Heydər Əliyevi məhv etmək istəyənlər, daha sonra özlərini müdafiə etmək barədə Heydər Əliyevdən etdikləri xahiş nə qədər qəribə görünsə də tarixi fakt olaraq qalır.
1992-ci ildən 1993-cü ilin iyununadək səriştəsiz rəhbərlərin ucbatından məhvərindən çıxan ölkədə əvvəlki hakimiyyəti illərində qurub yaratdıqlarının sürətlə dağıldığının şahidi olan Heydər Əliyev sabit Naxçıvan həyatından ayrılmaq istəməsə də Azərbaycan xalqının təkidli tələbi ilə Bakıya qayıtdı. Azərbaycan Parlamentinin 15 iyun 1993-cü il iclasında Milli Məclisin sədri seçildi. Bu tarixi “Qayıdış” günü “Milli Qurtuluş” günü kimi tarixə yazıldı. Dahi şəxsiyyətin Ali Sovetin sədri seçilməsi sadəcə hakimiyyətə təkrar qayıdış deyil, eyni zamanda xalqın qurtuluş, özünütəsdiq tarixidir. Bu tarixi qayıdış ilk növbədə Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi. Yaradılmş nisbi sabit siyasi şərait nəticəsində Heydər Əliyev 1993-cü ilin oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ümmummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri, bir sıra dövlət xadimlərinə qarşı törədilmiş terror aktları, Əlikram Hümmətov və onun əlaltılarının yaratdıqları Talış-Muğan respublikası və digər bu kimi təhlili çox vaxt tələb edən qeyri-konstitusion hərəkətlər təzə yaradılmış müstəqilliyimizi və dövlətçiliyimizi təhlükə altına almışdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyev bu dövrü təhlil edərək demişdir. “Müstəqilliyimizin ilk illərindəki hərcmərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyllərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı”.
Ötən qısa müddətdə Heydər Əliyev xalqa arxalanaraq, apardığı danışıqlar, fərdi söhbətlər, məsləhətlər, silahsız, müdrik siyasət nəticəsində bunların öhdəsindən şərəflə gəldi.
1994-cü ilin mayında əldə olunmuş “Atəşkeş” rejimi, həmin ilin sentyabrında imzalanmış “Əsrin kontraktı” ölkəmizin bugüki dinamik inkişafının, uğurlu daxili və xarici siyasətinin təməlini qoymuş və əsaslı zəmin yaratmışdır. Qazanılan bütün bu uğurlar “Qayıdış”ın bəhrəsi kimi tarixə yazıldı.
“Milli Qurtuluş” xalqmıza daha nələri bəxş etdi?
“Milli Qurtuluş” Azərbaycanda vətəndaş qarşıdurmasına qədər yüksələn hakimiyyət uğrunda mübarizəni sivil məcraya yönəldilməsini təmin etdi, seçki yolunu ictimai şüura qəbul etdirməklə zorla hakimiyyətin dəyişdirilməsi ənənəsinə son qoydu.
“Milli Qurtuluş” xalqımıza firavanlıq, dövlətimizə inkişaf, qüdrətli ordu quruculuğu, Azərbaycanın dünyaya tanınmasına zəmin yaratdı.
“Milli Qurtuluş” on il Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edən dahi şəxsiyyətə özündən sonra Azərbaycan dövləti və xalqı üçün etibarlı varislik prinsipini həyata keçirməyə imkan yaratdı, ümummilli liderlik vəsiqəsi qazanmasına təkan oldu.
“Milli Qurtuluş”un bəhrəsi sayəsində 20 ildən artıq müstəqillik yolu ilə irəliləyən Respublikamız qazandığı ümumdünya uğurları ilə sübut etdi ki, müstəqilliyimizin əbədiliyinin, dönməzliyinin və daimiliyinin qarantı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kimi sədaqətli varisi vardır.
Hörmətli tədbir iştirakçıları
İndi ölkəmiz dünyanın 170-ə qədər ölkəsi ilə diplomatik əlaqələr qurmuş, 80-nə qədər ölkənin Azərbaycanda nümayəndəliyi vardır, 40-a qədər ölkədə Azərbaycanın səfirlikləri və nümayəndəlikləri fəaliyyət göstərir. 100-dən cox siyasi partiya, 2000-dən cox Kütləvi İnformasiya vasitələri fəaliyyət göstərir, söz, fikir, vicdan azadlıqlarının siyasi sərbəstliyinin təmin edilməsi üçün əsaslı zəmin yaradılmışdır.
Bu gün möhtərəm Prezidentimiz cənab ilham Əliyevin xarici siyasətdə əldə etdiyi uğurlar onun şəxsi müdrikliyi və diplomatik bacarığı ilə bərabər, bütünlükdə ümummilli lider Heydər Əliyevin vaxtilə yaratdığı inkişaf strategiyasına söykənir.
Möhtərəm Prtezidentimiz cənab İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycanın yüksəlişində liderin adını daşıyan fondun Prezidenti, Azərbaycan Respublikası Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd olunmalıdır. Bu xidmətlərdən bütün regionlarımız kimi rayonumuz da mütamadi bəhrələnmişdir. Bu diqqət və qayğıya görə möhtərəm prezidentimiz cənab İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya bütün ağdaşlılar adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Hörmətli tədbir iştirakçıları
Bütün bu inkişaf parametrləri baxımından öndə getməyimiz müqabilində möhtərəm Prezident cənab İlham Əliyevin 2011-ci il nöyabrın 29-da “Azərbaycan-2020; gələcəyə baxış” inkişaf konsepsiyasının hazırlanması ilə bağlı verdiyi tarixi sərəncam bu işlərin daha sürətlə getməsinə və görülən işlərin səmərəliliyinin artırılmasına zəmin yaratdı.
İndi Azərbaycan dünya siyasətində iştirakı, Xəzər bölgəsi, Cənubi Qafqaz regionunda hərbi-geostrateji mövqelərinə görə bölgənin və dünyanın çox əhəmiyyətli ölkələrindən biridir.
Ölkənin sosial-iqtisadi qüdrətinin artımı nəticəsində həyata keçirilən layihələr hazırda bölgələrin simasını dəyişməklə yanaşı, insanların rifahının yaxşılaşmasında da əhəmiyyətli rol oynayır.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursuna daim sadiqlik nümayiş etdirən ağdaşlılar indi-“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-cü illər)”-nın rayonda icrasınına uğurla başlamış, ləyaqətlə həyata keçirilməsi üçün əzmlə çalışırlar.
Bütün xalqımız kimi doğma Ağdaşımızın da əhalisi bütünlüklə Heydər Əliyev siyasətinin davamçısı Möhtərəm Prezidentimizin siyasətini ürəkdən bəyəndiklərini əyani şəkildə nümayiş etdirirlər.
“Milli Qurtuluş” gününün rayonda qeyd olunması barədə Rayon İcra Hakimiyyəti başçısının imzaladığı müvafiq sərəncama uyğun həyata keçirilən tədbirlər, qeyd etməyə əsas verir ki, rayon içtimaiyyəti bu tarixi günü əsl bayram əhval-ruhiyyəsi ilə qarşılayır.
Bir az əvvəl Tədbir iştirakçılarının Ümummilli liderimizin əzəmətli abidə-kompleksi önünə gül dəstləri düzərək siyasətinə sadiqlik nümayiş etdirməkləri isə söylədiklərimizin əyani sübutudur.
Heç şübhəsiz ki, “Milli Qurtuluşun” bizə bəxş etdiyi, ağdaşlıların ən çox öyündüyü ünvanlar isə Ümummilli liderin adı ilə bağlı olanlardır. İndi “Heydər Əliyev xiyabanı, Heydər Əliyev prospekti, Heydər Əliyev adına İstirahət parkı, möhtəşəm Heydər Əliyev Mərkəzi, liderin əzəmətli Abidə Kompleksi bütünlükdə əhalimizin qürur və iftixar mənbəyinə çevrilmişdir. Bu gün ağdaşlılar Azərbaycan Respublikası Milli Məclisinin 1997-ci ilin İyun ayında qəbul etdiyi 15 İyun-“Milli Qurtuluş” günüdür-tarixi qərarını ürəkdən dəstəkləyir. möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında müstəqillik yolları ilə inamla addımlayır.
Həqiqi lider olan nəhəng şəxsiyyətlərin tarixi qayıdışı nadir hadisədir. Onun şahidi olmaq isə hər nəslin qismətinə düşmür. Bu mənada biz özümüzü xoşbəxt insanlar saya bilərik. Ona görə ki, zəmanəmizin böyük siyasi möcüzələrindən birinin-Heydər Əliyevin tarixi qayıdışının şahidləriyik.
Heydər Əliyevin siyasəti yaşayır, davam edir, Azərbaycana, xalqımıza fayda gətirir və bundan sonra da gətirəcəkdir.
Əziz siyasi həmfikirlər!
İcazə verin bir daha hər birinizi, sizin simanızda bütün ağdaşlıları qurtuluş günü münasibətilə təbrik edək və işlərinizdə uğurlar arzulayaq.
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın Heydər Əliyev siyasəti!
Bu siyasəti uğurla inkişaf etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə eşq olsun!.
Diqqətinizə görə çox sağ olun!