Ağdaşda Azərbaycan Gəncləri Günü qeyd olundu
2 fevral 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər. Torpaqlarımızın bütövlüyü uğrunda mətanətlə vuruşan ağdaşlı şəhidlərin məzarları ziyarət olunub.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 2021-ci il və cari dövrdə gənclər işi və idman sahəsində uğurlara, nailiyyətlərə həsr olunan slayd nümayiş etdirilib.
Çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.
Vurğulanıb ki, rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda fədakarcasına vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
Sonda il ərzində rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən gənclərin bir qrupuna rayon İcra Hakimiyyəti və aidiyyəti qurumların mükafatları təqdim olunub.