20 Yanvar faciəsi Heydər Əliyev Mərkəzində qeyd edildi.
19 yanvar 2022-ci il tarixdə qanlı yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə faciənin ildönümü ilə bağlı sərgilənən rəsm əsərlərinə baxış keçirdilər. Mövzu ətrafında çəkilmiş rəsmlərin müəlliflərinə diplomlar təqdim edildi.
Dəyirmi masa ətrafında davam edən tədbirdə faciə qurbanlarının məruz qaldığı dəhşətləri əks etdirən sənədli film nümayiş etdirildi.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi.
Bildirildi ki, 1990-cı ilin Qanlı Yanvar hadisələri Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.