“Ağdaş” qəzetinin 90 illiyi qeyd olundu.
7 yanvar 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində yerli “Ağdaş” qəzetinin fəaliyyətə başlamasının 90 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, redaksiyanın kollektivi və digər şəxslər iştirak edib.
Bildiririk ki, qəzetin ilk nömrəsi 7 yanvar 1932-ci ildə “Ağdaş pambıqçısı” adı ilə çap olunub. Qəzet 1932-1937-ci illərdə “Ağdaş pambıqçısı”, 1938-1962-ci illərdə “Pambıq uğrunda mübarizə”, 1962-1966-cı illərdə “Yeni həyat” və 1966-2003-cü illərdə “Əmək” adları ilə çap olunub.
2003-cü ilin noyabr ayının 16-dan başlayaraq qəzet bu günədək “Ağdaş” adı altında rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə ayda 2 dəfə nəşr olunur.
Son 90 il ərzində müxtəlif adlar altında dərc olunan qəzetin ətrafında tanınmış və peşəkar jurnalist kollektivi fəaliyyət göstərib. Vaxtilə qəzetin redaktorları olmuş Fikrət Hacıyev və Fariz Rüstəmov “Qızıl qələm” mükafatı və “Əməkdar jurnalist” fəxri adlarına layiq görülüblər.
Tədbirdə çıxış edənlər “Ağdaş” qəzetinin rayonda milli mətbuatın ənənələrinə sadiqliyini qeyd edərək, doğma qəzetin 90 il ərzində rayonun ictimai-siyasi və sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri layiqincə işıqlandırdığını diqqətə çatdırmışlar.