Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anadan olmasının 60 ili tamam olur.
Bu gün Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin anadan olmasının 60 ili tamam olur.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, dahi dövlət xadimi Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ailəsində anadan olub.
1977-1982-ci illərdə peşəkar diplomatlar hazırlayan və dünyanın ən nüfuzlu ali məktəblərindən biri hesab olunan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb.
Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.
1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Fəaliyyəti dövründə müxtəlif ölkələrin çoxsaylı orden və meadalları, habelə fəxri adlar və digər mükafatlarla təltif edilib.
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. Belə ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.
Möhtərəm Prezidentimizin rəhbərliyi dövründə Ağdaş rayonunun sosial-iqtisadi inkişafında mühüm dönüş yaranmışdır.
Ağdaşlılar möhtərəm Prezidentimiz tərəfindən rayonumuza göstərilən hərtərəfli qayğıdan sonsuz məmnunluq hissi keçirirlər. Qürur duyuruq ki, ulu öndərimizin layiqli davamçısı cənab İlham Əliyev Heydər Əliyevin Azərbaycanın başladığı müasirləşmə proseslərini uğurla davam etdirir. Məhz onun düşünülmüş daxili və xarici siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqazın demokratiya yolu ilə inamla inkişaf edən ən qüdrətli dövlətinə çevrilib.
Ağdaşlılar möhtərəm Prezidentimizi ad günü və 60 illiyi münasibətilə səmimiyyətlə təbrik edir, ona və ailəsinə möhkəm cansağlığı diləyir, ali dövlət vəzifələrinin icrasında bol-bol uğurlar arzulayır.
Tanrı möhtərəm Prezidentimizə yar olsun!