Ağdaşda Bayraq Meydanında yaradılan şəraitlə tanışlıq
Ağdaş, 1 may (AzərTAc). Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaşda Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur.
Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılmışdır. Odur ki, dövlətin atributlarına hörmət və ehtiram Ulu Öndərin bizə ən böyük əmanətidir. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərində qürurla dalğalanır. Bu gün hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Bakıdan sonra ölkənin əksər bölgələrində də üçrəngli bayrağımızın şərəfinə meydanlar yaradılır, bununla bağlı xüsusi layihələr həyata keçirilir. Ağdaşda salınan Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir.
Qeyd olundu ki, Bayraq Meydanının inşasına ötən ilin fevralında başlanılmış və bu ilin aprelində sona çatdırılmışdır. Bayraq dirəyinin hündürlüyü 52 metrdir. Təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himni və gerbi əks olunmuşdur. Meydan inşa olunarkən burada Azərbaycan milli memarlıq məktəbinin elementlərindən geniş istifadə edilmişdir.
Bayraq Meydanının ərazisində geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmış və müasir işıqlandırma sistemi quraşdırılmışdır. Ağdaş sakinlərinin istirahəti üçün meydanda hər cür şərait yaradılmışdır.
AzərTAc