Ağdaşda şəhidin xatirəsinə inşa edilən bulağın açılış mərasimi keçirildi.
05 noyabr 2021-ci il tarixdə 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Namətov Naib Firqət oğlunun doğulduğu Kotanarx kəndində inşa edilən xatirə bulağının açılış mərasimi keçirildi.
Mərasimdə rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, Gənclər və İdman İdarəsinin nümayəndələri, məktəblilər, şəhidin ailə üzvləri, doğmaları iştirak edirdi.
Tədbirdə Dövlət Himni səsləndirildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə məktəblilərin ifasında bədii kompozisiya təqdim edildi.
Qeyd edək ki, 44 günlük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlığına görə Namətov Naib Firqət oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!