Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Milli Musiqi Günü qeyd edildi

18 sentyabr 2021 | 11:00

18 sentyabr 2021-ci il tarixdə Ağdaş şəhər Uşaq Musiqi Məktəbinin qarşısında dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının  ildönümü və Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbir Üzeyir bəyin bəstəsi və onun Ağdaş Musiqi məktəbinə bağışladığı royalın müşayiəti ilə məktəbin xor kollektivinin ifasında istiqlal şairi Əhməd Cavadın sözlərinə yazılmış Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı.
Çıxış edənlər müsəlman Şərqində ilk opera, operetta janrının, bənzərsiz musiqi irsinin müəllifi, ölməz bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığından geniş söhbət açaraq, bəstəkarın ad günü münasibətilə ölkəmizdə, o cümlədən Ağdaş rayonunda  da hər il silsilə tədbirlərin keçirildiyini vurğuladılar.
Tədbir boyunca Üzeyir bəy haqqında bir sıra görkəmli şəxslərin fikirləri,  o cümlədən ulu öndər Heydər Əliyevin Üzeyir bəy və onun ölməz sənəti haqqında səs yazısı təqdim edildi.
Məktəbin qarşısında açıq səma altında təşkil olunmuş tədbirdə Habil Əliyev adına Uşaq Musiqi məktəbinin şagirdləri tərəfindən təqdim olunan Leyli və Məcnun operasından parça,  bəstəkarın operettalarından mahnı və rəqslər, eyni zamanda bəstəkarın yetirmələri və davamçıları olan Azərbaycan bəstəkarlarının yaradıcılığından seçmələr iştirakçılar tərəfindən hərarətli alqışlarla qarşılandı.
Karantin rejiminin tələbləri gözlənilməklə keçirilən tədbirdə rayon İcra Hakimiyyəti, Ağdaş Regional Mədəniyyət idarəsinin rəhbərliyi, ictimaiyyətin nümayəndələri və   mədəniyyət işçiləri iştirak edirdi.

Keçidlər