Azərbaycan Prezidenti Ağdaşda Heydər Parkında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur
Ağdaş, 1 may (AzərTAc). Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaşa səfəri çərçivəsində Heydər Parkında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
Son illərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin daxil olması ilə müşayiət edilir. Ölkəmizin şəhər və rayonlarında aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması, yenidən qurulması da diqqətdən kənarda qalmır. Bu sahədə həyata keçirilən işlər çərçivəsində Ağdaş şəhərindəki Heydər Parkının yenidən qurulması da xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən Ağdaşda da yenilənən Heydər Parkı, ilk növbədə rayon sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir. Müasir tələblər səviyyəsində qurulan və Ağdaşın mərkəzi hissəsinə xüsusi yaraşıq verən bu park Azərbaycanın tərəqqisi, ölkəmizin və onun bölgələrinin inkişafını bir daha sübut edir.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, rayon sakinlərinin mənalı istirahəti, ağsaqqalların, gənclərin və uşaqların asudə vaxtının səmərəli təşkili üçün 7 hektar ərazidə yerləşən Heydər Parkında ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri aparılır. Ötən dövrdə bu parkda aparılan yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılmışdır. Yenidənqurma işlərindən sonra Heydər Parkı özünəməxsus elementlər və formalarla zənginləşdirilmişdir. Ərazidə yeni yollar və cığırlar salınmışdır.
Parkda yaradılan iki süni göl və 11 fəvvarə bu istirahət məkanının gözəlliyini daha da artırmışdır. Burada müasir işıqlandırma sistemi, müxtəlif attraksionlar, ana və uşaq istirahət mərkəzi, gənclər kafesi, mini avtodrom yaradılmışdır. Görülən işlər çərçivəsində açıq fitnes, 5D kino zalı, tir atıcılıq mərkəzi də qurulmuş, müasir dizaynda oturacaqlar qoyulmuşdur. Parkın ərazisinin yaşıllaşdırılması məqsədilə ağac və dekorativ gül kolları əkilmiş, geniş ərazidə çəmənlik salınmışdır.
AzerTAC