Ağdaşda vaksinasiya tədbirləri davam edir.
Son vaxtlar karantin rejiminin yumşaldılması, qadağaların götürülməsi, şənlik mərasimlərində qaydalara düzgün əməl olunmaması, həmçinin vətəndaşların koronavirus infeksiyası ilə mübarizədə arxayınçılığa yol vermələri səbəbindən ölkə ərazisində təhlükəli virusa yoluxma halları yenidən artmağa başlayıb.
Aparılan təhlillər onu göstərir ki, dünya əhalisinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması koronavirus pandemiyasının qarşısının alınmasında ən mühüm amillərdən biri olaraq qalmaqdadır.
Hazırda Ağdaş rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir.
2021-ci ilin yanvar ayından indiyədək rayon üzrə vətəndaşlara 68 476 doza vaksin vurulub. O cümlədən indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 41 315 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 27 161 nəfərdir.
Yaş qrupları üzrə indiyədək rayonda 65 yaşdan yuxarı vətəndaşlara 3740, 50-64 yaş arasında vətəndaşlara 13 212, 18-50 yaşadək vətəndaşlara isə 24 363 doza vaksin vurulub.
Əhalinin peyvəndlənməsi rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin binası, şəhər, qəsəbə, kəndlərdə, həmçinin idarə, müəssisə və təşkilatlarda həkim briqadaları tərəfindən xüsusi olaraq ayrılmış vaksin otaqlarında səyyar qaydada həyata keçirilir.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupunun bildirdiyinə görə vaksinasiya proseduru çərçivəsində insan orqanizmində COVİD-19-a qarşı nəzərdə tutulmuş immunitet reaksiyasının əmələ gəlməsi üçün peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci doza da vurulmalıdır. Müəyyən səbəblər olubsa və vətəndaş 28 gün sonra peyvənd vurdura bilməyibsə, o zaman peyvəndi vurdurmaq mümkündür, əgər ikinci dozanı vurdurmaq 56 günü keçibsə, o zaman həmin şəxs 6 aydan sonra yenidən 1 və 2-ci doza vaksin almalıdır.
Əziz ağdaşlılar, dünyanı bürümüş bu təhlükəli infeksiyadan qurtulmağın yeganə yolu peyvənd olunmaqdan keçir. Odur ki, özünüzün, doğmalarınızın sağlamlığının qorunması üçün vaxt itirmədən peyvənd olunmağa tələsin!