Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ağdaş rayon təşkilatının VIII hesabat konfransı keçirildi

24 avqust 2021 | 11:00

24 avqust 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının videoformatda VIII hesabat konfransı keçirildi.
Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov hesabat məruzəsi ilə çıxış edib.
Bildirib ki, 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tariximizə Zəfər gününü yazıb. 44 günlük İkinci Qarabağ müharibəsi 30 ilin işğalına son qoydu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.
Natiq daha sonra qeyd edib ki, zəfər əldə edən Azərbaycan özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan xalqının müqəddəratını həll edən, dünənin, bu günün və sabahın məsuliyyətini öz üzərinə götürən, müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası da aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 29  ilə  yaxın  bir  dövrdə bütün  qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir-birindən əhəmiyyətli uğurlara imza atıb. Partiyamızın yaradıcısı ümummilli liderimiz Heydər Əliyevin zəngin  təcrübəsi, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bugünkü və gələcək taleyini müəyyən edib.
Qeyd olunub ki, hazırda YAP Ağdaş rayon təşkilatında 77 ərazi ilk partiya təşkilatında birləşən partiya üzvlərimizin sayı 16650 nəfərdir. Onlardan 8646 nəfərini qadınlar, 4454 nəfərini gənclər təşkil edir. VII konfransdan ötən dövr ərzində 310 nəfər partiya rayon təşkilatının sıralarına qəbul edilib.
Sonra YAP Ağdaş rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun üzvü Cabir Həsənov hesabat məruzəsi ilə çıxış edib.
Müzakirələr zamanı çıxış edən YAP Ağdaş rayon təşkilatı İdarə Heyətinin üzvləri - Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, Ağdaş şəhər ərazi ilk partiya təşkilatının sədri, M.Şeyxzadə adına Ağdaş Texniki, Təbiət və Humanitar fənlər təmayüllü gimnaziyanın direktoru Şəhla Hacıbalayeva, rayon təşkilatının baş məsləhətçisi Anar Şahmuradov, Gənclər və İdman idarəsi ərazi ilk partiya təşkilatının sədri, rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov, Təşkilatın Şura üzvü, rayon Təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri, rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Afət Ramazanova hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev çıxış edərək VIII konfrans münasibətilə rayon təşkilatının üzvlərini təbrik edib.
Ə.Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı böyük xidmətləri bu nəhəng təşkilatın cəmiyyətdəki mövqelərini get-gedə daha da möhkəmləndirir, insanların bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir. Bu gün Azərbaycanın tarixinin ən güclü, ən qüdrətli dövrünü yaşadığını vurğulayan Ə.Tağıyev deyib ki, 44 günlük Vətən müharibəsindən alnıaçıq çıxan Azərbaycan dövləti böyük Zəfər günlərini qeyd edir. Vətən müharibəsindən qalib çıxan Azərbaycan 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü bərpa edib, bölgədə və dünyada yeni reallıqlar yaradıb. Ölkəmiz özünün iqtisadi, siyasi çəkisinə görə fərqli bir dövlətdir. Yəni bütövlükdə, Azərbaycan fərqli bir reallıq yaradıb və bu yeni reallıqlara uyğun qarşımızda yeni çağırışlar, vəzifələr durur.
Ə.Tağıyev YAP Ağdaş rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Ağdaş rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Keçidlər