Şriftin ölçüsü :

Saytın rəngi :

22 iyul -Milli Mətbuat və Jurnalistika günüdür

22 iyul 2021 | 11:00

Əkinçi” qəzeti ilə başlanan milli mətbuat tariximiz böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzetindən başlayır.
1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olub. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər.
Bu gün ölkədə 5 mindən çox media subyekti var. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan ixtisasartırma və təkmilləşmə kurslarında iştirak edirlər.
Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması dövlətimizin başçısının diqqət mərkəzindədir. KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə qayğının göstəricisidir. Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında yaşayış binaları tikilib jurnalistlərin istifadəsinə verilmişdir. Eyni zamanda, Mətbuat Şurası üçün yeni binanın ayrılması və onun müasir avadanlıqla təmin edilməsi ölkəmizdə azad mətbuatın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının sübutudur.
Müxtəlif dövrlərdə ölkə rəhbərliyinin təşəbbüsü ilə çap mediasının vergidən azad edilməsi, eləcə də qəzetlərin, jurnalların nəşriyyata olan borclarının silinməsi haqqında qəbul olunan qərarlar ölkədə mətbuatın inkişafına dair göstərilən dəstəyin daha bir təzahürüdür. Burada Mətbuat Şurası tərəfindən qəzet və jurnalların Şuraya olan borclarının da silinməsi faktları qeyd olunmalıdır.
44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti əvəzolunmaz idi. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması mümkün oldu.
Öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyasına səbəb olmuşdur. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənmişlər.
Bütün  mətbuat işçilərini 22 iyul-Milli Mətbuat və Jurnalistika  günü münasiətilə təbrik edirik.

Keçidlər