Ağdaşda 15 iyun-Milli Qurtuluş Günü qeyd olundu.
Ölkəmizi düçar olunduğu siyasi və dövlət böhranından xilas etmək üçün hakimiyyətə qayıdan Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də parlamentin sədri seçilərək dövlətin idarə olunması kimi ağır vəzifəni öz üzərinə götürdü.
Dövlətin düşdüyü ağır siyasi böhrandan çıxarılması kimi çətin bir işin öhdəsindən məharətlə gələn ulu öndərimiz xilaskarlıq missiyasını uğurla başa çatdırdı.
Ulu öndərimizin xilaskarlıq missiyasını şərtləndirən əsas amillərdən biri də dövlətin ali rəhbərliyini, Azərbaycan xalqının taleyini gücünə və bacarığına etibar etdiyi ən yaxın silahdaşı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə tapşırması idi. Azərbaycan xalqının möhkəm etibarını qazanmış hörmətli Prezidentimiz nəinki ümummilli liderimizin etimadını doğrultdu, eyni zamanda müstəqil Azərbaycanın iqtisadi inkişaf tempinə görə dünyanın lider dövlətləri ilə öncül sıralarda dayanmasına nail oldu.
Ölkə Prezidentinin rəhbərliyi altında ötən ilin noyabr ayında 44 gün ərzində qazanılan möhtəşəm zəfər ölkəmizin uğurlar salnaməsinin dəyərli səhifələrini təşkil edir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, işğal altında olan əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsi qurtuluşdan başlanan zəfərin məntiqi sonluğu ilə başa çatdı.
Milli Qurtuluş Günü ərəfəsində rayonun idarə, müəssisə və təşkilatlarında müxtəlif səpkili tədbirlər, o cümlədən mədəniyyət müəssisələri tərəfindən “Açıq kitab” aksiyası, idman yarışları, onlayn formatda tədbirlər və müzakirələr keçirilib.
15 iyun 2021-ci il tarixdə karantin qaydaları gözlənilməklə rayon rəhbərliyi tərəfindən ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, abidənin önünə tər çiçək dəstələri düzülüb.
Əziz ağdaşlılar, əlamətdar hadisə - “Milli Qurtuluş Günü” münasibətilə hər birinizi təbrik edir və sizlərə möhkəm cansağlığı və rifah arzulayırıq.