Ağdaşda buraxılış imtahanları başa çatdı.
02 iyun 2021-ci il tarixdə rayonun ümumtəhsil məktəblərinin buraxılış siniflərində təhsil alan 9-cu sinif şagirdləri üçün Dövlət İmtahan Mərkəzi tərəfindən S.Vurğun, Nizami, M.İsayev adına şəhər, Ləki qəsəbə 6 nömrəli, Aralbir kənd tam orta məktəbləri, M.Şeyxzadə adına TTH gimnaziya və Ağdaş Dövlət Humanitar Kollecinin tədris korpuslarında mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilmişdir.
Karantin rejimi dövründə tətbiq olunan metodiki göstərişlər və imtahanın keçirilməsi ilə bağlı Dövlət İmtahan Məktəbi tərəfindən müəyyən edilmiş təlimata əsasən nəzarətçilər və iştirakçıların sağlamlığının qorunması məqsədilə tədris binalarının sanitar qovşaqlarında axar suyun fasiləsizliyi təmin edilmiş, binalarda dezinfeksiya tədbirləri həyata keçirilmiş, tədris binaları polis tərəfindən əvvəlcədən mühafizəyə götürülmüş, binaların qarşısına toplaşanlar arasında sosial məsafə təmin olunmuş, tibbi maskalardan istifadə ilə bağlı əvvəlcədən zəruri izahat işləri aparılmış, tibbi xidmətin təşkili ilə bağlı müvafiq tədbirlər görülmüş, imtahan keçirilən gün ərzində nəqliyyatın hərəkəti tənzimlənməklə asayiş tam təmin edilmişdir.
Qeyd edək ki, 2020/2021-ci tədris ilinin yekunlarına əsasən rayonun ümumi təhsil müəssisələrindən 1 gimnaziya, 18 ümumi, 40 tam orta məktəb daxil olmaqla, 1382 nəfər 9-cu sinif şagirdi buraxılış imtahanında iştirak etmək hüququ qazanmışdır.