Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür.
Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanları var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Azərbaycan KP MK-nın birinci katibi və müstəqil Azərbaycanın Prezidenti vəzifəsində çalışarkən ulu öndər Heydər Əliyev 5 dəfə (1972, 1978, 1980, 1981 və 1998-ci illər) Ağdaş rayonunda olmuş, əmək adamları ilə unudulmaz görüşlər keçirmiş, rayonun partiya-təsərrüfat fəallarının yığıncaqlarında iştirak etmiş, Ağdaşın qədim tarixi və müasir ənənələri barədə xoş sözlər söyləmişdir.
Azərbaycan xalqı və müstəqil Azərbaycan ulu öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla və inamla irəliyə doğru addımlayır.
Karantin rejiminin tələbləri gözlənilməklə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək rayon ictimaiyyəti adından əklil qoymaqla, öz ehtiramını bildirmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar gün ərzində rayon mərkəzində Heydər parkı, Heydər Əliyev meydanı, Heydər Əliyev prospekti və 20 Yanvar küçəsində keçirilən ağacəkmə aksiyasında ümumi sayı 500 olmaqla, çinar, eldar şamı, qarağac və söyüd ağacları əkilmişdir.