Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Xocalı faciəsi ilə bağlı tədbirlər keçirilmişdir

27 fevral 2014 | 11:00

Ağdaş rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən rayonun ayrı-ayrı əmək kollektivlərində, orta ixtisas və ümumtəhsil məktəblərində, mədəniyyət ocaqları və kitabxanalarda anım mərasimləri, konfranslar, “dəyirmi masa”lar keçirilmiş, kitab və rəsm sərgiləri təşkil olunmuş, xüsusi guşələr yaradılmış, fevralın 26-da rayonun orta ixtisas və ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr olunmuşdur. Keçirilən tədbirlərdə insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin səbəbləri, mahiyyəti və acı nəticələri bir daha xatırlanmış, 22 il əvvəl baş vermiş bu qətliamın erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu vurğulanmış, terroru dəstəkləyənlər qətiyyətlə pislənilmişdir.
Rayonda Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq 26 fevral 2014-cü il tarixdə saat 11:00-da rayon Mədəniyyət Evində anım tədbiri də keçirilmişdir.
İlk öncə “Xocalı uşaqların gözü ilə” əl işlərindən ibarət rəsm-foto sərgisinə baxış keçirilmiş və Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən, faciənin miqyası və mahiyyəti, bunun erməni millətçiləri tərəfindən insanlığa qarşı törədilmiş analoqu olmayan terror aktı olması barədə film nümayiş etdirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov çıxış edərək Xocalı faciəsinin insanlığın tarixinə ən dəhşətli terror aktı, soyqırım kimi daxil olduğunu bildirmiş, bu faciənin iki əsrdən çox bir müddət ərzində ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin davamı və ən qanlı səhifəsi adlandırmışdır. Xocalı faciəsinə o vaxtkı iqtidar tərəfindən lazımi qiymət verilmədiyini, Xocalı soyqırımına yalnız 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə müzakirəyə çıxarıldıqdan sonra hüquqi-siyasi qiymət verildiyini qeyd etdi.
Tədbirdə faciə zamanı yaxınlarını itirən, erməni vəhşiliyinin şahidi olan rayonda məskunlaşmış Xocalı sakinləri çıxış edərək faciəni ürək ağrısı ilə bir daha xatırlamış, dünyanın əksər dövlətləri tərəfindən faciəyə ikili standartlardan yanaşılmasını, insanlığa sığışmayan bu qətliama hələ də siyasi qiymət verilməməsinə etirazlarını bildirmiş, erməni vəhşiliyini və qəddarlığını pisləmişlər. Sonda Xocalı ailələrinin hər birinə rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilmişdir
26 Fevral 2014-cü il tarixdə saat 17:00-da Xocalı faciəsi qurbanlarının xatirəsi avtomobillərin səs siqnalları vasitəsi ilə bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər