Ağdaşda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib.
20 mart 2021-ci il tarixdə Ağdaş-Ləki yolunun Pirəyir kəndindən keçən hissəsində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Mustafayev Siyasət Akif oğlunun adına inşa edilən xatirə bulağının açılışı olub.
Açılış mərasimində rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin doğmaları, döyüşçü yoldaşları, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi, polkovnik Qulu Əsədov açıb.
Çıxışlarda şəhidin qısa, lakin şərəfli həyat yolundan və onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söz açılıb, ruhuna dualar oxunub. Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qısa müddətdə Vətən müharibəsində qazandığı tarixi qələbədən bəhs olunub.
Sonda xatirə lövhəsinin üzərində Azərbaycan bayrağı ucaldılıb, məktəblilərin ifasında bədii kompozisiya təqdim olunub.
Qeyd edək ki, Siyasət Mustafayev 02 may 1996-cı il tarixdə Ağdaş rayonunun Abad kəndində anadan olub, sonradan ailəliklə Pirəyir kəndinə köçüblər. Vətən müharibəsinin qəhrəman oğlu kənd qəbiristanlığında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!