Rayonda şəhidlərin xatirəsi əbədiləşdirilir.
Ağdaşlı şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, yaralı əsgər, zabitlərimizin problemlərinin aradan qaldırılması istiqamətində rayon ərazisində ardıcıl tədbirlər həyata keçirilir.
15 fevral 2021-ci il tarixdə rayonun Şəmsabad kəndində birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə tikilən kompleksin açılış mərasimi keçirilib.
Xatirə kompleksinin açılışında rayon İcra Hakimiyyətinin əməkdaşları, gənclər təşkilatları, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları və məktəblilər iştirak ediblər.
Çıxışlarda şəhidlərin gənclərə nümunə olan qısa, şərəfli ömür yolundan danışılıb. Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qısa müddətdə Vətən müharibəsində qazandığı tarixi qələbədən bəhs olunub.
Şəhidlərin ailə üzvləri dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Sonda xatirə abidəsinin üzərində Azərbaycan bayrağı ucaldılıb, məktəblilərin ifasında bədii kompozisiya nümayiş etdirilib.