Türyançay qəsəbəsinə yeni layihə əsasında içməli su verildi.
Son illər ərzində Azərbaycan Kənd İnvestisiyası Layihəsi çərçivəsində respublikanın kənd rayonlarında məktəblərin, tibb məntəqələrinin, xəstəxanaların, içməli su qurğularının, suvarma, elektrik sistemlərinin, yolların, körpülərin, icma mərkəzlərinin bərpası və tikintisi həyata keçirilir.
Belə layihələrin həyata keçirilməsində əsas məqsəd icma yönümlü kənd infrastrukturlarına çıxışı və istifadəni artırmaq, kənd yerlərində ailələrin iqtisadi fəaliyyətlərini genişləndirməkdir. Bu istiqamətdə Ağdaş rayonunun kəndlərində də müxtəlif layihələr gerçəkləşdirilmişdir.
29 yanvar 2021-ci il tarixdə rayonun Türyançay qəsəbə sakinlərinin içməli suya olan tələbatının dolğun şəkildə ödənilməsi məqsədilə həyata keçirilən layihə başa çatdırılmış, Türyançay Suvarma idarəsinin ərazisində su tutumu 28 kubmetr olan əlavə çən quraşdırılmış və sakinlərin içməli suya olan tələbatının ödənilməsi təmin edilmişdir.
Suyun qəsəbəyə verilməsi münasibətilə keçirilən tədbirdə qəsəbə sakinləri göstərilən qayğıya görə öz minnətdarlıq hisslərini ifadə etmişlər.