Ağdaş Peşə məktəbində Vətən Müharibəsi iştirakçıları olan tələbələrlə görüş keçirilib.
Qeyd etmək lazımdır ki, ölkənin hər yerində olduğu kimi rayonumuzda da yüzlərlə gənclər könüllü olaraq Vətən Müharibəsində iştirak etmişdir. Onların sırasında Ağdaş Peşə məktəbinin tələbələri də vardır.
Bildiririk ki, 44 günlük Vətən Müharibəsində məktəbin 7 nəfər tələbəsi iştirak etmişdir. Peşə məktəbinin tələbəsi Cəlil Qüdrət oğlu Əliyev 22 oktyabr 2020-ci il tarixdə döyüş əməliyyatlarında böyük şücaət göstərərək qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə şəhid tələbə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Məktəbin mühəndis-pedaqoji heyəti müharibə iştirakçıları ilə görüş keçirmişdir. Tədbirdən öncə iştirakçılar şəhid Cəlil Əliyevin Qaradağlı kənd qəbristanlığında məzarını ziyarət etmiş, gül-çiçək dəstələri düzmüşlər.
Məktəbdə keçirilən tədbirdə digər 6 nəfər tələbənin döyüş yolu barədə geniş söhbət açılmış, onların xatirələri dinlənilmiş, sonda məktəbin rəhbərliyi tərəfindən döyüşçü tələbələr fəxri fərmanla təltif edilmişdir.