Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda ali məktəblərə yüksək bal toplayaraq qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir.

11 sentyabr 2013 | 10:00

Sentyabrın 10-da Ağdaş rayonunda “Ay İşığı” şadlıq sarayında 400 nəfərin iştirakı ilə  ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova tələbə adını qazanan gənclərə rayon rəhbərliyinin təbrikini çatdıraraq, elmə, biliyə daha dərindən yiyələnməyi, yüksək ixtisaslı kadrlar kimi yetişməyi tövsiyyə etmişdir. O çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açaraq, bu sahəyə göstərilən dövlət qayğısından danışmışdır.
Tədbirdə rayon təhsil şöbəsinin müdiri çıxış edərək rayonda təhsilin bu günkü vəziyyəti, qəbul imtahanları zamanı əldə olunan göstəricilər barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, bu il rayon üzrə 571 şagird ali məktəblərə sənəd vermişdir, onlardan 243 nəfəri ölkənin müxtəlif ali təhsil ocaqlarına qəbul olunmuşdur. Qeyd olunmuşdur ki, ali məktəblərə sənəd verən şagirdlərdən 12-si 600-dən çox bal toplayıb və 6 şagird isə orta təhsilini “Qızıl medal”la bitirmişdir. O, çıxışında rayon tarixində ilk dəfə olaraq eyni vaxtda 7 kənd məktəbində tikinti işlərinin başa çatdığını və Bilik günündə müəllim və şagird kollektivinin istifadəsinə veriləcəyini bildirmişdir.
Tədbirdə çıxış edən digər natiqlər dövlət başçısı cənab İlham Əliyevin təhsilə qayğısından danışmışlar və tələbə adını qazanmış gənclərə uğurlar arzulamışlar.
Sonda qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan gənclərə rayon İcra Hakimiyyəti başçısının hədiyyələri təqdim   olunmuşdur.
Tədbir konsert proqramı ilə ziyafət stolu arxasında yekunlaşdırılmışdır.

Keçidlər