Ağdaş rayon Yuxarı Ağcayazı kəndində şəhid Səlimzadə Ramil Rafiq oğlunun xatirəsinə tikilən “Abidə-Bulağı”nın açılışı olmuşdur.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul nümayəndələri, Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri ictimai birliyinin, rayon Gənclər və idman idarəsinin əməkdaşları, yerli icra, bələdiyyə orqanları və kənd ictimaiyyəti nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Vətən uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə nitq söyləyən natiqlər qeyd etmişlər ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz qısa müddətdə vətən müharibəsini qələbə ilə başa vurmuş, düşmənin 30 illik işğalçılıq siyasətini kökündən məhv etmişdir.
Müharibədə itkilərimiz də oldu, şəhidlər verdik. Onlar daim qəlbimizdə yaşayır, xatirələri əbədiləşdirilir, gənc nəslə örnək olan büstləri, abidə kompleksləri ucaldılır, xatirə bulaqları tikilir.
Sonda şəhidin atası ailə üzvləri adından göstərilən qayğıya görə dövlət başçısına təşəkkürünü bildirmişdir.