Ağdaşda 11 yaşayış məntəqəsində qazlaşdırılma işləri başa çatmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 mart 2020-ci il tarixdə "Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncamla Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon (on bir milyon doqquz yüz yetmiş min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.
Müvafiq sərəncamın icrasına uyğun olaraq 2020-ci ildə Ağdaş rayonunda 11 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulur.
18 dekabr 2020-ci il tarixdə rayonun Mürsəl və Malay kəndlərinə mavi qazın verilməsi ilə əlaqədar tədbir keçirilib. Həmin kəndlərdə 402 abonent qazla təmin edilib. Sakinlər göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Beləliklə cari ildə rayonun 11 yaşayış məntəqəsi, o cümlədən Yuxarı Nemətabad, Aşağı Qobuüstü, Qobuüstü, Hacılar, Malay, Mürsəl, Şıxlı, Eymur, Ağcaqovaq, Ərəbşəki və Yenikənd kəndlərində 1390 nəfər abonentin fərdi evlərinin qazlaşdırılması başa çatmışdır.