Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsi

04 noyabr 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyət və konfliktin yaranma tarixi ilə əlaqədar Almaniyanın ARD televiziya kanalına müsahibə verib. Müsahibədə qeyd olunur ki, 2016-cı ildən indiyədək Ermənistan Azərbaycana qarşı məqsədyönlü təxribatlar həyata keçirib.
Cari ildə birinci hərbi təxribat iyul ayında törədilmişdir. İkinci hərbi təxribat avqust ayında baş vermiş, Ermənistan qətllər törətmək üçün diversiya qrupu göndərmişdir. Üçüncü hərbi təxribat sentyabrın 27-də törədilmiş, erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutmuşlar. Atəşi ilk açan Ermənistandır, mülki şəxslər və hərbiçilər arasında ilk qurbanlar azərbaycanlılar idi.
Azərbaycanın üç dəfə atəşkəsə razı olması faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəsini nümayiş etdirir. Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur. Azərbaycan düşmənə yalnız  döyüş meydanında cavab verir. Azərbaycan atəşin dayandırılmasına tərəfdar olsa da, Ermənistan tərəfi təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atmaqla, mülki infrastruktura ziyan vurmaqla döyüşün davam etməsində maraqlı olub.
Azərbaycan həmişə sülh planına sadiq olub.  Ermənistan həmişə münaqişənin sülh yolu ilə həllinə qarşı olub. Danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və Azərbaycanı aldatmaq cəhdindən ibarət olub. İndi azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları  göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar.
Azərbaycan nə qədər çox müdafiə olunursa, daha çox əraziləri azad edir. Azərbaycanın kifayət qədər silah-sursatı, müasir silahları var və onları döyüş meydanında nümayiş etdirir.
Azərbaycanın məhv etdiyi və qənimət kimi götürdüyü sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir? Ermənistan kasıb ölkədir, büdcəsi 2 milyard dollardan azdır, xarici borcu isə 8 milyard dollardır.
Şəhərləri bir-birinin ardınca işğaldan azad edən və milli bayrağımızı ucaldan Azərbaycan ordusunun döyüşçüləridir.
Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən oktyabrın 31-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluğun məlumatına əsasən indiyədək 91 nəfər mülki şəxs həlak olub, 404 nəfər isə xəsarət alıb. Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb.
Beynəlxalq vasitəçilər və yeni vasitəçilik haqqında məsələyə toxunan dövlət başçısı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər.
Minsk qrupu həmsədrləri Ermənistana sanksiya tətbiq etməli idi. Vaxtilə İraqa qarşı tətbiq edilmiş ciddi sanksiyalar Ermənistana tətbiq edilsəydi, işğalçı qüvvələrini geri çəkərdi. Münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib.  Beynəlxalq vasitəçi olan ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki,  ona qulaq assın, lakin belə mesaj verilməyib. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi səmərəli olmayıb.  Azərbaycan daha güclü ola biləcək bəzi başqa vasitəçilər barədə düşünməyə bilməz.Azərbaycan ədaləti bərpa edir və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edir.
Beynəlxalq hüquq müdafiə təşkilatlarının roluna toxunan dövlət başçısı qeyd edib ki, bir çox beynəlxalq hüquq müdafiə təşkilatları hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Beynəlxalq hüquq müdafiə təşkilatlarının qərəzliliyi ilə bağlı böyük şübhələr var. Yalnız Azərbaycanın müraciətindən sonra bu təşkilatlar Azərbaycana gəlmişlər.
Azərbaycan Respublikasının Prezidenti münaqişənin həlli ilə əlaqədar yeni reallıqlara söykənən təkliflər verib.
-Yeddi rayon Azərbaycana qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar.
-Dağlıq Qarabağdan qovulmuş, hazırda sayı 65 mindən çox olan azərbaycanlı icması  oraya qayıtmalıdır. 
-Azərbaycan muxtariyyət təklif edəndə ermənilər bunu rədd edir, müstəqillik tələb edirdilər. İndi reallıqlar dəyişib. 27 il ərzində Azərbaycanın erməni tərəfinə   təklif etdikləri, ola bilsin, artıq öz qüvvəsini itirib. İndi muxtariyyət verilməyə bilər, müzakirələr hələ başlamayıb.
Mərhələli həll planına əsasən, birinci mərhələdə boşaldılması nəzərdə tutulan beş rayon  işğaldan azad edilib.  Ona görə də həmin plan köhnəlmiş sayılır.
-Azərbaycanlılar və ermənilər birgə yaşamalıdır, bu, asan olmasa da, biz öyrənməliyik.
-Müharibəni dayandırmağın yeganə yolu: Ermənistanın öz məğlubiyyətini qəbul etməli, bizim qələbəmizi qəbul etməli, sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürməlidir.  
-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmir. 
Dağlıq Qarabağ Azərbaycan torpağıdır, beynəlxalq səviyyədə tanınan  ərazimizdir.  Avropa ölkələrinin beynəlxalq hüquqla tanınan əraziləri onlar üçün nə qədər mühümdürsə, Dağlıq Qarabağ da Azərbaycan üçün o qədər mühümdür. Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur  və beynəlxalq hüquq məsələsidir.
Daxili siyasətlə bağlı sualı cavablandıran Prezident vurğulayıb ki, Azərbaycanda siyasi sistem və siyasi proses səmərəlidir. Parlament seçkilərindən əvvəl Azərbaycanda siyasi əməkdaşlığın yeni prosesinə start verilib. Biz müasir, yeni siyasi prosesə başladıq. Prezidentin təşəbbüsü ilə praktiki əməkdaşlığa başlamaq üçün bütün siyasi partiyalara açıq müraciət edilmiş, mövcud  52 real siyasi partiyadan 50-si bunu dəstəkləmiş, yalnız iki partiya çağırışa cavab verməmişdir. Azərbaycanda siyasi dialoq mühiti var. Azərbaycanda siyasi ittiham irəli sürülmüş heç kim həbs edilməyib. Azərbaycanın pandemiya dövründə də iqtisadi göstəriciləri normaldır. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Azərbaycanın konvertasiya oluna bilən valyuta ehtiyatları xarici borcundan 6 dəfə çoxdur. İqtisadi göstəricilər regionda ən yaxşıdır, sosial göstəricilər Avropanın bəzi ölkələrindən belə yaxşıdır.   Azərbaycanda ciddi daxili problemlər yoxdur. Azərbaycan özünü demokratiya nümunəsi kimi göstərmir. Özlərini demokratiya nümunəsi kimi göstərən ölkələrdə etirazçıları qətlə yetirirlər.
Daha sonra münaqişənin tarixinə toxunan Prezident qeyd edib ki, Azərbaycanlılar   etnik təmizləməyə məruz qalmışlar. Ermənistan Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə 750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Azərbaycan ermənilərə qarşı etnik təmizləmə aparmamışdır və bunu indi də etməyi planlaşdırmır.
Şuşada kilsənin məqsədyönlü vurulması xəbəri yalandır, bunu ermənilərin özünü etməsi də istisna deyil. Bakıda erməni kilsəsi və kitabxanası hifz olunur, işğal olunmuş rayonlarımızda isə onlar məscidləri təhqir edirlər.
Sülh təbliğinə görə Azərbaycanda həbslər haqda heç bir real fakt yoxdur, şayiədir,  jurnalist müsahibədə feyk xəbərə istinad edir.
İkinci Qarabağ müharibəsinin iqtidarın xalqı öz ətrafında birləşdirməsi, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq  üçün başladıldığı haqda deyilənlər Prezidentin gətirdiyi iqtisadi statistika ilə təkzib olunur. Belə bir iddia səsləndirilməsi Qərb mediasının bir çox hallarda erməni feykləri ilə işləməsini göstərir.
Döyüş meydanında heç bir xarici döyüşçü yoxdur. Bakıda görünən xaricililər sadəcə turist və ya birgə hərbi təlimlərdə iştirak edənlər ola bilər.
Qərb jurnalistləri ilə müsahibələrdə Prezident tam bir master-klass keçir. Bununla yanası, müsahibələr həmin KİV-lərin qərəzini və  peşəkar jurnalistikadan uzaq olduqlarını göstərir. Nədənsə ARD müxbiri “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin Bərdəyə  qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləməsi faktının üstündən keçir. Qərbin aparıcı KİV-lərindən gəlmiş jurnalistlər sualları prokuror ədası ilə verir, faktları dəqiqləşdirmir, xristian təəssübkeşliyi edir, müsahibi ilə polemikaya girməyə cəhd edirlər. Bunlar media prinsiplərinə ziddir. Azərbaycan mediası və QHT-lərlə bağlı Qərb qrantlarının təyinatının heç də medianın, söz azadlığının inkişafına xidmət etmədiyini sübut etmək üçün bu günlər Qərb mediasının sərgilədiyi mövqeni xatırlatmaq lazımdır. Qərb media standartları deyilən təbliğatın mənasızlığı sübut olunur.

Keçidlər