Ağdaşlı gənclərin iştirakı ilə onlayn görüş keçirildi
Ağdaş rayonunda partiya fəalı olan könüllü kimi fəaliyyət göstərəcək 50 nəfər gənclə onlayn görüş keçirildi. Görüşü Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov açaraq ölkədə həyata keçirilən gənclər siyasətindən bəhs etdi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkə gənclərinə göstərdiyi xüsusi diqqət və qayğının hər zaman yüksək səviyyədə olduğunu və bu siyasətin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd etdi. Bildirdi ki, ölkəmizdə gənclər hər zaman dövlət qayğısının mərkəzində yer alırlar. Gənclərimiz ölkəmizdə bu sahədə qəbul olunan Dövlət proqramlarının yaratdığı imkanlardan geniş bəhrələnirlər. Bu mühüm və çoxşaxəli proqramlarda vətənpərvərlik, Azərbaycançılıq məfkurəsi, gənclərin beynəlxalq inteqrasiyası və dünyagörüşünün artırılması və sair məsələlər xüsusilə diqqət mərkəzində saxlanılır.
Gənclərimizin sosial izolyasiya dövründə də dövlətin gördüyü bütün tədbirləri dəstəkləyib və həyata keçirilməsində fəal iştirak etdikləri xüsusi qeyd olundu. Bildirildi ki, rayonumuzun gənc könüllüləri xüsusilə əhalinin xəstəliklə bağlı maarifləndirilməsində, qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin yerinə yetirilməsində, hazırlanmış sosial yardım paketlərinin aztəminatlı ailələrə çatdırılmasında iştirak etmiş, “Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyalarda 65 yaşdan yuxarı tənha insanların zəruri ehtiyaclarının qarşılanmasında köməklik göstərmiş, vətəndaşlara tibbi ləvazimatların, gigiyenik və metodiki vasitələrin paylanmasında yaxından iştirak etmişdilər.
Bu gün ölkəmizdə cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu siyasətdən bəhs edən Cavid Osmanov bildirdi ki, pandemiya dövründə əksər dünya ölkələrinin iqtisadiyyatında tənəzzül müşahidə olunmuş, hətta inkişaf etmiş ölkələrdə bir çox sosial layihələr ixtisara düşmüşdür. Koronavirus pandemiyasının yeni elan olunduğu zamandan etibarən cənab İlham Əliyevin müxtəlif tədbirlər zamanı qeyd ediyi “baxmayaraq ki iqtisadiyyatda gerimələr var, amma heç bir sosial layihə, eyni zamanda nəzərdə tutulan tədbirlərin heç biri ixtisara düşməyəcəkdir” fikirlərini görüş iştirakçılarının diqqətinə çatdıran millət vəkili qeyd etdi ki, ölkə Prezidenti sosial layihələrlə bərabər ölkəmizin şəhər və rayonlarında, bölgələrdə infrastruktur layihələri həyata keçirir. Burada həm abadlıq-quruculuq işləri, yeni təhsil müəssisələrinin tikintisi, yol infrastrukturunun yenilənməsi həyata keçirilir. Bu o deməkdir ki, Azərbaycan doğrudan da güclü və qüdrətli bir dövlətdir. Baxmayaraq ki, pandemiya dünyada tüğyan edir, lakin Azərbaycan heç bir layihəni kənarda qoymayıb, nəzərdə tutulan bütün layihələr icra olunur. Bütün bunlar isə cənab İlham Əliyevin apardığı düzgün siyasətin nəticələridir.
Gəncləri fəal olmağa çağıran Cavid Osmanov vurğuladı ki, hər bir gənc də bu işlərdə cənab Prezidentimizə dəstək olmalıdır. Gənclər tərəfindən tək sosial layihələrin deyil, təhsil, idman, mədəni, ekoloji, aqrar sahələri əhatə edən layihələrin də işlənib hazırlanmasını tövsiyyə edən millət vəkili bu cür layihələrin həyata keçirilməsini daim diqqət mərkəzində saxlanılacağını bildirdi.
Gənclərin fəallığı və qarşılıqlı diskussiya şəraitində davam edən görüşdə onları maraqlandıran suallara Cavid Osmanov tərəfindən cavablar verildi.