Şriftin ölçüsü :

Saytın rəngi :

ATƏT-in Minsk Qrupu ikili standartlardan əl çəkmir.

21 sentyabr 2020 | 11:00

Sentyabrın 14-də Parisdə ATƏT Minsk Qrupunun həmsədrləri arasında “intensiv məsləhətləşmələr” keçirilib. Həmsədrlər bəyanatla çıxış edərək Azərbaycan və Ermənistan XİN başçılarını yaxın həftələrdə “qeyd-şərtsiz” danışıqlara başlamağa çağırıb. Həmsədrlər bəyanatda qeyd ediblər ki, “iyul ayında Ermənistan-Azərbaycan sərhədində yaşanmış gərginliyə xüsusi diqqət ayıraraq, regiondakı vəziyyəti müzakirə ediblər”.
Tovuz döyüşlərindən artıq 3 aya yaxın vaxt keçir, MQ isə yalnız indi “ayılaraq” “sərhəddəki gərginliyə diqqət ayırır” və bunu “intensiv məsləhətləşmə” adlandırır.
Bu cür gecikmiş açıqlamada belə ümumi ifadələr yer alır. Həmsədrlər iyul döyüşlərinə “xüsusi diqqət yetirsələr” də, bu döyüşlərin  motivi, səbəbi, günahkarı və nəticələri haqda heç nə demirlər.
ATƏT MQ Azərbaycanın həmsərhəd bölgəsinin, kəndlərin hücuma məruz qalması, dinc sakinlər arasında ölən və yaralananların olması haqda susmaqda davam edir.
ATƏT MQ həmişə olduğu kimi, bu dəfə də Ermənistanın artıq sübuta yetirilmiş diversiya cəhdini pisləməyib.
ATƏT MQ Ermənistanın bütün beynəlxalq norma və konvensiyalara zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində süni və qanunsuz məskunlaşma aparmasına göz yumur.
ATƏT MQ faktiki olaraq sülh danışıqlarından çıxdıqlarını bəyan edən Ermənistan rəhbərliyi və separatçıların indiyədək müzakirə olunan sənədləri rədd etməsinə, və hətta, yeganə məqbul variantın Qarabağın işğalının qanuniləşdirilməsinin vacib  olduğunu gizlətməməsinə münasibət bildirmir.
ATƏT-in MQ-nun bir institut kimi kimə və nəyə xidmət etdiyi və onun fəaliyyətinin əhəmiyyətinin nədən ibarət olduğu sanki onların özlərinə də məlum deyil.

Keçidlər