Ağdaşda yeni uşaq bağçası istifadəyə verildi.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə son bir il ərzində Ağdaşda həyata keçirilən sosial yönümlü layihələrin sırasına şəhər ərazisində 2 yeni bağça – 80 yerlik 5 saylı körpələr-evi uşaq bağçası, 60 yerlik 6 saylı körpələr evi uşaq bağçasının tikintisi daxil olmuşdur.
Şəhərin Müşfiq İsayev küçəsində yeni salınan yaşayış massivində inşa edilən 60 yerlik 6 saylı körpələr-evi uşaq bağçasının təməli cari ilin yanvar ayında qoyulub. İkimərtəbəli yeni bağçada tikinti işləri tam başa çatdırılıb.
Ümumi sahəsi 1200 m2 və 22 otaqdan ibarət olan yeni bağçada uşaqların təlim-tərbiyəsi üçün bütün imkanlar yaradılıb. Bağça yüksək zövqlə tərtib edilən məşğələ və oyun otaqları, ən müasir avadanlıqlar, yataq, oyun, musiqi ləvazimatları, müasir istilik sistemi və uşaqların qidalanması üçün geniş yeməkxana infrastrukturuna malikdir.
Mərtəbələrin hər birində sanitar qovşaqlar, camaşırxana, anbar olmaqla, zəruri yerlərin hər biri yüksək təzyiqli fasiləsiz su ilə təmin olunur.
Karantin rejimi dövründə uşaqların sağlamlığının qorunması məqsədilə bağçaya qızdırmaölçən cihaz və dezinfeksiyaedici məhlullar verilib. Sanitar-epidemioloji vəziyyətin sabit olması məqsədilə bütün önləyici tədbirlərin təşkili ilə bağlı hazırlıq işləri həyata keçirilib.
Giriş hissəsi, məşğələ və oyun otaqlarının divarlarında yüksək dizaynla nağıl qəhrəmanları, flora və faunamızın bitki və heyvanat aləmini əks etdirən onlarla rəsm əsərləri bəzəyir.
Bağçanın həyətində uşaqların əyləncəsi və istirahəti üçün 3 ədəd müasir köşk, oyun meydançası yaradılıb. Həyətdə geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib. Bağçanı əhatə edən hasarlar boyunca 500-dən artıq küknar, yeni dekorativ ağac və gül kolları əkilib.
16 sentyabr 2020-ci il tarixdə yeni bağça uşaqların ixtiyarına verildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, Heydər Əliyev Fondunun nümayəndələri və Milli Məclisin deputatı Cavid Osmanov iştirak edirdi. Rayon İcra Hakimiyyətinin başçısı təhsil infrastrukturunun yenilənməsi və uşaqların ictimai tərbiyə ilə əhatə olunmasında göstərdikləri dəstəyə görə dövlət başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
Sonra yeni bağçanın binası və tədris otaqlarına baxış keçirildi.
Qeyd edək ki, yeni bağçada 55 uşaq ictimai tərbiyəyə cəlb edilib.