Şriftin ölçüsü :

Saytın rəngi :

AĞDAŞ RAYONUNDA KOMPLEKS MÜLKİ MÜDAFİƏ TƏLİMİ KEÇİRİLMİŞDİR

14 iyun 2013 | 10:00



2013-cü il üçün Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının hazırlıq planına müvafiq olaraq 11-13 iyun tarixlərində Mülki müdafiə idarəsi tərəfindən Ağdaş  rayonunda «Fövqəladə  hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili» mövzusunda kompleks mülki müdafiə təlimi keçirilmişdir. Kompleks təlimə   Ağdaş rayonu icra hakimiyyətinin mərkəzi aparatı, rayon fövqəladə hallar  komissiyası, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt MM qüvvə və vasitələri, həmçinin təsərrüfat obyektləri cəlb olunmuşdur.
Kompleks təlimin keçirilməsində məqsəd «Mülki müdafiə haqqında» Azərbaycan Respublikası Qanununun, «Mülki müdafiənin təmin edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli qərarının, fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasının və Mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar üzrə komissiyaların fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin  yerinə yetirilməsinə hazırlığının yoxlanılmasından, fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin  təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, Mülki müdafiə qüvvələrinin idarə olunması üzrə MM idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsindən, MM idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar üzrə komissiyalara, rəhbər heyətə və işçilərə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə  praktiki vərdişlərin aşılanmasından ibarət olmuşdur.
  Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq   fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk həkim yardımının göstərilməsi, epidemiya, epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqları yerinə yetirmişlər. 
Təlimin keçirilməsində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilmişdir. Kompleks təlimdə rayonun  hərbiləşdirilməmiş dəstələrinin 245 nəfər şəxsi heyəti və 33 ədəd texnikası iştirak etmişdir.
Kompleks təlimin yekununda rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək bu təlimlərin keçirilməsinin vacib olduğunu vurğulamış, rayonda təlimlərin keçirildiyi üçün Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə və kompleks təlimdə fəal iştirak etmiş rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinə minnətdarlıq etmişdir.
Təlimin gedişində Ağdaş rayon MM dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilmiş və qarşıya qoyulmuş məqsədə nail olunmuşdur.

Keçidlər